Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək növbəti layihəsi gerçəkləşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, “Junior Achievement Azərbaycan” təşkilatı 2010-cu ilin İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışının final mərhələsini keçirəcək. Final mərhələyə vəsiqə qazanan Bakının 132, 95, 264 saylı, Elitar Gimnaziya və Zərifə Əliyeva adına orta məktəbin, Ağdaş rayonunun Güvəkənd və Yuxarı Ləki kənd məktəblərinin komandaları biznesin modelləşdirməsi proqramı üzrə milli çempion titulu uğrunda mübarizə aparacaqlar.
Virtual şirkəti modelləşdirərək, şagirdlər qiymət, istehsal, marketinq, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul edəcəklər ki, bu da məktəbli komandanın uğuru yaxud itkisi ilə nəticələnəcək. Yarışda ümumi olaraq Bakı, Sumqayıt və Mingəçevir şəhəri, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy rayonlarının məktəblərini təmsil edən 152 şagird iştirak edib.
Mərasimdə Gənclər və İdman Nazirliyi, Statoil, USAİD və Chevron nümayəndələri çıxış edəcəklər. Tədbirdə, həmçinin, qalib şagirdlər və biznes icmasının nümayəndələri arasında yoldaşlıq yarışı keçiriləcək. Tədbir mükafatlandırma mərasimi ilə başa çatacaq.
Qeyd edək ki, tədbirin əsas sponsorlar Statoil Abşeron, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər Ltd., tərəfdaş sponsorları isə Gənclər və İdman Nazirliyi, Baker McKenzie, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AmCham) və Bakcell şirkətinin maliyyələşdirdiyi “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı”-dır.